Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı silsiləvi məhdəviyyət mövzuları, həzrət İmam Zamanla (ə.f) bağlı təlim və maarifi yaymaq məqsədi ilə siz dəyərli və ziyalı oxucuların xidmətinə təqdim olunur.
Bilmək lazımdır ki, bir şəxsin cisminin və ya digər əşyaların qeyb olması, yaxud insanın əməl və hərəkətlərinin başqalarının gözündən gizli qalması, peyğəmbər və övliyaların, həmçinin mömin və Allah dostlarının möcüzə və kəramətləri tarixində misilsiz və görünməmiş bir hadisə deyil, əksinə dəfələrlə baş vermişdir.
O cümlədən, bu ayənin təfsirində:
«وَ إِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَیْنَکَ وَ بَیْنَ الَّذِینَ لَا یُؤْمِنُونَ بِاْلآخِرَهِ حِجَاباً مَسْتُوراً.» (اسراء/ ۴۵)
“Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına (səni qoruyan) görünməz bir pərdə çəkərik.”
Ayənin zahiri mənası göstərir ki, uca Allah Quran tilavət etdiyi zaman öz peyğəmbərini (sallallahu əleyhi və alih) ona əziyyət etmək niyyətində olan kafirlərdən gizli saxlayırdı. Bundan əlavə, bəzi təfsirlərdə qeyd olunur ki, Allah-Təala Məhəmməd Peyğəmbəri (s) Quran oxuyarkən Əbu Süfyan, Nəzr ibn Haris, Əbu Cəhl və Həmmalətul-hətəbdən gizli saxlayırdı. Onlar gəlib həzrət peyğəmbərin yanından keçirdilər, lakin onu görmürdülər. (Təbərsi, Məcməul-bəyan, c.6, səh.645; Syuti, əd-dürrül-mənsur, c.4, səh.186)
İbn Hişam “Sira” kitabında Məhəmməd Peyğəmbərin (s) mübarək vücudunun Ümmü Cəmil (Həmmalətul-hətəb) tərəfindən görülməməsi barədə bir hekayə nəql etmiş və onun sonunda Peyğəmbərdən (s) belə buyurduğunu rəvayət etmişdir:
«لَقَدْ أَخَذَ اللهُ بِبَصَرِهَا عَنِّی.» (ابن هشام، ج۱، ص۲۳۸؛ و روایاتی دیگر)
“Allah məni gizli qərar verdi və məni ona göstərmədi.” (İbn Hişam, c.1, s.238 və digər rəvayətlər)
Həmçinin Məkkədən Mədinəyə hicrət zamanı da mötəbər tarixlərə görə, Məhəmməd Peyğəmbəri (s) öldürmək üçün evinin qapısına toplaşmış müşriklər onu görə bilmədilər. Belə ki, Peyğəmbər (s) həzrət Əlini (ə) öz yatağında yatmağa tapşırdıqdan sonra evdən çıxdı, bir ovuc torpaq götürüb onların başına səpdi və
“یس وَ الْقُرْآنِ الْحَکیِمِ”
( Ya Sin! Hikmətli Qurana and olsun ki,) ayəsindən “فَهُمْ لَا یُبْصِرُونَ” (Buna görə də onlar (haqqı) görə bilməzlər) ayəsinə qədər oxuyaraq onların yanından keçdi. Onlardan heç biri həzrət peyğəmbərləri görmədi. (İbn Hişam, c.2, s.333; İbn Səd, Ət-təbəqatul-kübra, c.1, s.227–228; İbn Əsir Cəzəri, Əl-kamil fit-tarix, c.2, s.103)
Həmçinin “Əd-dürrül-mənsur” təfsirində həzrət İmam Cəfər Sadiqin (ə) öz atası vasitəsilə, o isə İmam Zeynalabdin (ə), o da Əmirəl-möminin Əlidən (ə) nəql etdiyi uzun bir rəvayət vardır ki, bu mövzuya uyğun olan dəlillərdən biridir.
Eləcə də
“وَجَعَلْنَا مِنْ بَیْنِ أَیْدِیهِمْ سَدّاً وَ مِنْ خَلْفِهِمْ سَدّاً فَاَغْشَیْنَاهُمْ فَهُمْ لَایُبْصِرُونَ”
"Önlərinə bir sədd, arxalarına da bir sədd çəkib onları bağlamışıq. Buna görə də onlar (haqqı) görə bilməzlər” (Yasin surəsi 9-cu ayə) ayəsinin təfsirində də təfsir kitablarında bu məsələyə dəlalət edən rəvayətlər nəql olunmuşdur. (Tusi, Ət-tibyan, c.8, s.446; Təbərsi, Məcməul-bəyan, c.8, s.649–650; Syuti, Əd-dürrül-mənsur, c.5, s.258–259 və digər təfsirlər)
Əhli-Beytin (ə) həyat tarixində də bu mövzuya dair çoxlu şahidlər vardır. Məsələn, həzrət İmam Zeynalabidinin (ə) Əbdülməlik ibn Mərvanın məmurlarının gözündən qeyb olması hadisəsi ki, bunu yalnız şiə alimləri deyil, həmçinin əhli-sünnə alimlərindən olan İbn Həcər də rəvayət etmişdir. (İbn Həcər Heytəmi, “Əs-səvaiqul-muhriqə”, s. 200)
Deməli, bir şəxsin qeyb olması məsələsi baş vermiş və tarixi keçmişi olan bir həqiqətdir.
Amma ad və ünvanın gizli qalması, insanın cismən qeyb olmadan tanınmaması isə çox sadə və adi bir məsələdir və bir çox hallarda möcüzə və adətlərin pozulmasına ehtiyac duymur. Biz daim elə insanları görürük ki, göz önündədirlər, lakin onları tanımırıq.
Bu müqəddimədən sonra sualın cavabında deyilir:
Hərçənd qeybətin fəlsəfəsi, doğruluğu və faydası hər iki şəkildə (cismin qeyb olması və tanınmamaq) hasil olur və İmam Zamanın (ə.f) işinin gizli qalması, heç kəsin onu tanımaması və ya ona toxuna bilməməsi, eləcə də qeybətdə nəzərdə tutulan digər məqsəd və hədəflər hər iki halda təmin edilir. Lakin rəvayətlərin və bəzi şəxslərin o həzrətin hüzuruna yetişməsi barədə nəql olunan hekayələrin bir-biri ilə müqayisəsindən və bəzisinin digərini izah etməsindən məlum olur ki, İmam Zamanın (ə.f) qeybəti hər iki formada (həm görünməmək, həm də tanınmamaq) baş vermişdir. Hətta bəzən eyni zamanda hər iki forma gerçəkləşmişdir. Yəni bir şəxs onu görmüş, lakin tanımamış, digəri isə elə həmin anda ümumiyyətlə həzrət İmam Zamanı (ə.f) görməmişdir. Necə ki, Məhəmməd Peyğəmbəri (sallallahu əleyhi və alih) bəzi hadisələrdə bir qrup şəxs onu görür, digərləri isə görə bilmirdi.
Diqqət yetirilməsi vacib olan məsələ budur ki, cismin qeyb olması möcüzə və adətin pozulması olmadan baş vermir. Lakin ad və ünvanın gizli qalması, tanınmamaq isə adi şəkildə də mümkündür. Hərçənd bəzi hallarda bunun davam etməsi və insanların araşdırma aparıb tanımağa yönəlməsinin qarşısının alınması üçün adətin pozulması və nəfslərdə təsərrüf zəruri olur. Qadir və uca Allah öz iradəsinin həyata keçməsi və İmam Zamanın (ə.f) qorunması üçün bütün adi və qeyri-adi səbəbləri, o cümlədən istər o həzrətin vasitəsilə, istərsə də birbaşa yəni məsləhət necə tələb edərsə təmin edir.
Bu mövzuların ardı var…
Mənbə: Ayətullah Safi Gülpayiqaninin “imamət mövzusu haqqında on sualın cavabı” adlı kitabdan götürülmüşdür (müəyyən dəyişikliklə)
Rəyiniz